Gələn dəfə özüm düzəldərəm

Bir kasıb kişi kəbin kəsdirmək üçün qazının yanına gedir və özü ilə bir kasa yağ aparır. Qazı yağa baxıb deyir:
– A kişi, heç bir kasa yağa da kəbin kəsərlər?! Mən kəbini bir bardaq yağa kəsirəm.
Biçarə kişi bir bardaq yağı haradan düzəldəcəyini fikirləşə-fikirləşə evinə qayıtdı. Evlənmək istədiyi arvad ona dedi:
– A kişi, ürəyini sıxma. Bir bardaq tap, boğazınacan qum ilə doldur, kasadakı yağı da qumun üstünə töküb ağzını bağla, apar ver qazıya, de ki, borc-xərclə düzəldib gətirdim.
Kişi arvad deyən kimi eləyib, bardağı qazıya apardı. Qazı dedi:
– Hə, bu başqa məsələ, indi işin düzəldi.
Və tez kəbini kəsib kağızını kişiyə verdi.
Qazı bardağı evə gətirib arvadına dedi ki, yağı əritsin. Arvad bardağı qazana boşaldanda yağın altındakı qum töküldü. Qazı aldadıldığını başa düşdü və kişiyə xəbər göndərdi ki, kəbin kağızını gətirsin, onda bir balaca əngəl var, düzəltsin. Kişi qazının adamına dedi:
– Get qazıya de ki, əngəl kəbin kağızında yox, bardaqdadır. Gələn dəfə özüm düzəldərəm.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting