Molla Nəsrəddin və Fil

Deyirlər, Teymurləng ordusunda fil də saxlayırmış. Filləri ayrı-ayrı kəndlərə göndərirmiş ki, orada saxlasınlar. Fillərdən birini də Molla Nəsrəddin olan kəndə göndərir. Teymurləngin qorxusundan kimsə filə toxunmur. Fil kefi nə istəyir eləyir, əkin-zəmini, bağ-bağatı, bostanı yeyib tərg edir. Kəndlilər filin əlindən lap təngə gəlirlər. Onlar yığılıb mollanın yanına gəlirlər:
– A molla, bu fil bizdә istahat qoymadı, gəl qabağa düş. Əmirin yanına gedək, dərdimizi ona deyək, bəlkə bir rəhmi gəldi, fili apardı.
Molla razı olur. Onlar Teymurləngin yanına yola düşürlәr. Yolda kəndlilər Teymurləngin qorxusundan ikibir-üçbir qaçıb dağılırlar. Teymurləngin qapısına çatanda molla baxır ki, hamı qaçıb, təkcə özü qalıb, öz-özünə deyir:
– Yaxşı, görün sizin başınıza nə oyun gətirəcəyəm. Teymurləng ondan soruşur:
– Molla, nə uçün gəlmisən?
Molla deyir:
– Əmir sağ olsun, bizim kəndə bir fil qonaq göndərmisən. Bundan çox razıyıq. Ancaq fil tək olduğundan səs-küyündən dayana bilmirik. Kəndlilər də mənimlə gəlmişd, cəsarət eləyib içəri girmədilər. Xahiş edirik, bir dişi fil də göndərəsən.
Teymurləngin mollanın sözündən xoşu gəlir, ona çoxlu ən’am verir. Əmr eləyir ki, o kəndə bir dişi fil də göndərsinlər. Molla da aldığı hədiyyəni götürüb sevinə-sevinə evinə gəlir. Kəndlilər onu görüb soruşurlar:
– Molla, nə oldu?
Molla cavab verir:
– Gözünüz aydın, filin o biri tayı da gəlir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting