Bir gün qonşuları mollaya bir qonaqlıq verdirmək istəyirlər. Bir qış gecəsi yığışıb mollanın yanına gəlirlər. Oradan-buradan söhbət açırlar, axırda mətləb üstünə gəlib deyirlər:
– Molla, bir şərtimiz var, əgər yerinə yetirdin, biz sənə bir qonaqlıq verəcəyik, yox, şərti yerinə yetirmədin, sən bizə qonaqlıq verməlisən.
Molla soruşur:
– Deyin görüm, o necə şərtdir? Mənim əlimdən gəlməyən iş olmaz.
Deyirlər:
– Bu gecə səhərə qədər şəhər meydançasında dayanarsan. Heç bir dalda yerə girməzsən. Heç yerdə qızışmazsan. Bu şərti yerinə yetirmək hər igidin işi deyil. Biz daldadan tamaşa eləyəcəyik. Bu şərti yerinə yetirə bildin, biz sənə qonaqlıq verəcəyik, yetirə bilmədin, sən bizə qonaqlıq verməlisən.
Molla meydançada səhərə kimi dayanmalı olur. Səhər tezdən molladan soruşurlar:
– Gecəni necə keçirdin?
Molla deyir:
– Hər yer qardı, külək əsib qarı adamın uz-gözünə çırpırdı. Bərk qaranlıq idi. Şəhərin lap kənarından bir işıq gəlirdi…
Biri mollanın sözünü kəsib deyir:
– Bu olmadı. Şərti yerinə yetirə bilməmisən. Sən kənardan gələn işıqdan qızınmısan.
Bu sözü başqaları da təsdiq edirlər. Molla nə qədər eləyir, onun düz sözünu qəbul etmirlər. Molla qonaqlıq verməli olur. Sabah axşam yığışıb mollanın evinə gəlirlər. Gecə saat ikiyə qədər gözləyirlər, yemək gəlib çıxmır. Hәr dəfə mollaya: – Yemək necə oldu? – deyəndә molla cavab verir:
– Bu saat olacaq, darıxmayın.
Gecə saat üç olur, yenə yemək gəlmir. Axırda dilxor olurlar:
– Molla, az qala səhər açılsın.
Molla deyir:
– Oturun, bu saat xörək gətirim.
Molla gedir, ha gözləyirlər, molla gəlib çıxmır. Qonaqlar hər yeri axtarırlar, mollanı tapmırlar. Axırda mollanı bağçanın içində tapırlar. Görürlər ki, molla hündur çinar ağacının başında bir qazan asıb, çinarın dibində də bir şam yandırıb gözləyir.
Onlar deyirlər:
– Molla, bu nə işdi?
Molla deyir:
– Xörək bişirirəm, görmürsünüz?
Deyirlər:
– Çinarın başında qazan asmısan, dibində də şam yandırmısan, şam da qazanı qaynadarmı?
Molla gülüb deyir:
– Nə tez yadınızdan çıxartdınız? Bəs gecə qar-boranda üç ağaclıq yoldan işıqla qızınmaq olar, çinarın başındakı qazan dibindəki şamdan isinməz?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting