Bir gün Molla Nəsrəddin bazara çıxır. Bazarda gəzəndə görür ki, bir ovçu iki dovşan satır. Molla cibində olan pulunu verib dovşanların ikisini də alır və evə aparır. Arvadı dovşanları görüb molladan soruşur:
– A kişi, bu dovşanları nə üçün almısan?
Molla cavab verir:
– Arvad, səs salma, darğanı aldadacağam, pul qazanacağam.
Arvad soruşur:
– A kişi, dəli-zad olmamısan ki? Sən bunlarla nə cür pul qazana bilərsən?
Molla deyir:
– Arvad, dovşanın birini evdə bağlayaçağam, birini də darğaya aparacam. Sən bir yaxşı aş bişirərsən, bostandan da bir yemiş dərib gətirərsən. Sonra nə eləyəcəyəm, özüm bilərəm.
Arvad aş bişirməkdə olsun, molla da dovşanın birini evdə dirəyə bağlayır, birini də götürüb darğanın yanına gedir. Salam-kəlamdan sonra molla deyir:
– Darğa, adam dili bilən bir dovşanım var. Əlim aşağı düşdüyündən satmaq istəyirəm. Heyfim gəlir ki, onu hər adama satam. Sənə layiq olduğu üçün gətirmişəm.
Darğa ondan soruşur:
– Necə adam dili bilir? Heyvan da adam dili bilərmi?
Molla deyir:
– Mən nə desəm başa düşür.
Darğa deyir:
– Elə şey olmaz, buna inanmıram.
Molla deyir:
– İstəyirsən, bu saat sınayaq.
Darğa razı olur. Molla ağzını dovşanın qulağına dirəyib deyir:
– Dovşan, get evdə arvada de ki, bir yaxşı aş bişirsin, bir-iki də yemiş alsın, bu saat darğa ilə gəlirik.
Molla sözunü qurtarıb dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bir qədər mükalimədən sonra molla darğaya deyir:
– Zəhmət çək, dur bizim evə gedək.
Molla darğanı götürüb evinə aparır. Molla baxır ki, aş dəmə qoyulub, yemişin iyi evi götürüb. Qaldı dovşan. o da evdədi. Molla özünü dovşanı görməyən kimi göstərib deyir:
– Arvad, dovşan gəlib çıxdımı?
Arvadı mətləbi o saat başa düşüb deyir:
– Gəlib çıxıb. Ona nə tapşırmışdın hamısını eləmişəm.
Darğa bunu görən kimi mollanın sözlərinə tamam inanıb deyir:
– Molla, dovşanın qiyməti neçədi?
Molla deyir:
– Darğa, ucuz verirəm. Min tümən.
Darğa o saat mollaya min tümən verib dovşanı ondan alır, boğazından ipi açıb qulağına deyir:
– Get bizim evə, arvada de, bir yaxşı yemək hazırlasın, molla ilə gəlirik.
Darğa dovşanı buraxır. Dovşan qaçıb gözdən itir. Bəli, gəlib görürlər ki, darğanın arvadı dəhlizdə oturub. Darğa soruşur:
– Arvad, dovşan gəldimi?
Arvad cavab verir:
– Dovşan nədi?
Darğa deyir:
– Dovşan gəlib sənə demədimi molla ilə gəlirik, hazırlıq gör?
Arvad elə bilir ki, ərinin başına hava gəlib:
– A kişi, yəqin sən azarlamısan, get mollaya dua yazdır.
Darğa bütün əhvalatı arvadına, mən sizə söhbət elədiyim kimi danışır. Arvad mətləbi başa düşüb deyir:
– A kişi, nahaq dovşanı əldən buraxmısan, Mənə elə bir xəbər aparıb-gətirən dovşan lazımdı. Onda arvadlar mənim haqqımda heç söz deyə bilməzlər, görərlər ki, aydan arı, sudan duru bir arvadam.
Darğa mollaya deyir:
Molla, bəs dovşan necə oldu?
Molla cavab verməmiş arvadı dillənir:
– A kişi, yəqin dovşan bizim evimizi tanımayıb başqa yerə getmişdir.
Molla əlüstü soruşur:
– Darğa, bəs sən dovşanı evə göndərəndə evinizin yerini demədin?
Darğa deyir:
– Yox, yadımdan çıxıb deməmişəm.
Arvadı darğanı danlamağa başlayır:
– Gör nə axmaqsan, ki, elə dovşanı dağa-daşa salmısan, əlimizdən çıxarmısan.

Molla Nəsrəddin məktəbdə dərs verirmiş. Bir gün şagirdlərindən biri ona bir qab paxlava gətirir. Molla başqa bir yerə getməli olur. Paxlavanı taxçaya qoyub deyir:
– Uşaqlar, buna toxunmazsınız. Bunu mənə göndərən adamın mənlə ədavəti var, içinə zəhər qatmış olar, yeyib zəhərlənərsiniz.
Molla tapşırığını verib gedir. Məktəbin xəlifəsi mollanıi qardaşı oğlu imiş. O bilir ki, molla uşaqları aldadıb, paxlavanı yeməsinlər. Molla gedən kimi xəlifə taxçadan qabı çıxardır, paxlavanı yeməyə başlayır. Uşaqları yeməyə də’vət edir. Uşaqlar yeməkdən boyun qaçırıb deyirlər:
– Paxlava zəhərlidir, biz yemirik, yesək ölərik.
Xəlifə deyir:
– Molla bizi aldadır, gəlin yeyin.
Uşaqlar deyirlər:
– Bəs biz mollaya nə cavab verək?
Xəlifə deyir:
– Siz gəlin yeyin, mollaya cavabı özum verərəm.
Uşaqlar paxlavanı tamam yeyib qurtarırlar. Xəlifə mollanın qələmini sındırıb qutunun üstünə qoyur. Molla gəlir, qələmini sınmış görub uşaqlardan acıqlı soruşur:
– Bunu kim sındırdı?
Xəlifə ağlaya-ağlaya deyir:
– Yazanda sındı. Əmimin üzünə necə baxacağam?! – deyib özümü öldürmək istədim. Paxlava qabını taxçadan götürdüm, gözümü yumdum, yeməyə başladım. Hamısını yedim. Bədbəxtlikdən ölmədim.
Molla dilxor olur, sonra xəlifəyə deyir:
– Mən sənə bir söz demirəm. Hiyləgərlik bizim nəslə vergi verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Free Web Hosting